Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının 7-ci görüşünə dair mətbuat məlumatı
7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.
Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.
Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.