2022-06-07

Perunun tanınmış qəzetində bu ölkənin hökumətinə Azərbaycandakı səfirliyin bərpa edilməsinə çağırış olunub

Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında tanınmış perulu jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançesin müəllifi olduğu “Perunun Azərbaycandakı səfirliyinin bərpasının vacibliyi vurğulanıb” başlıqlı məqalə dərc olunub.

Məqalədə Peru Konqresinin sədri, Konqresin Xarici Əlaqələr Komissiyasının sədri, Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri, diplomatik korpusun çoxsaylı rəhbər və əməkdaşları, yerli KİV nümayəndələri, konqresmenlər və səfirliyin dostlarının iştirakı ilə Azərbaycanın Müstəqillik Günü və Şuşa şəhərinin 270 illik yubileyinə həsr olunmuş təntənəli tədbir geniş işıqlandırılıb.

Məqalədə Azərbaycanın Perudakı səfiri Məmməd Talıbovun çıxışına istinad edilərək, tədbirin qonaqlarına 104 il əvvəl, Şərqdə o dövrün mütərəqqi baxışı ilə bütün vətəndaşların bərabər hüquqlarını təmin edən dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə ətraflı məlumat verildiyi qeyd olunur. Bu gün Azərbaycanın müstəqil, çoxmillətli və çoxkonfessiyalı, regionda sülhün, təhlükəsizliyin və sabitliyin inkişafına nail olan bir ölkə olduğu, dünya səviyyəli layihələrin həyata keçirilməsi sayəsində ölkəmizin qısa müddətdə dünyanın ən uğurlu və dinamik iqtisadiyyatlarından biri kimi regional liderə çevrildiyi vurğulanır.

Məqalədə 44 günlük Vətən müharibəsinin nəticələrindən, ölkəmizin ərazilərinin uzunmüddətli işğaldan azad edilməsindən, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edilir.

İki ölkə arasında uzunmüddətli və məhsuldar ikitərəfli əməkdaşlığın, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Sakit Okean Alyansı və sair kimi beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə olduğu, Azərbaycan ilə dost Peru arasında 1996-cı ildə qurulmuş və bir çox sahələri əhatə edən diplomatik əlaqələrin uğurla inkişaf etdiyi vurğulanır.

Tədbirdə çıxış edən Konqresin Beynəlxalq Əlaqələr Komissiyası sədri E.Bustamantenin sözlərinə istinad edilərək, Azərbaycanın neft-kimya, energetika, nəqliyyat, elmi-texniki və digər sənaye sahələrində çoxillik təcrübə və imkanlara malik olduğu qeyd olunur. Perunun Bakıdakı səfirliyinin işinin bərpa edilməsinin ölkələr arasında əlaqələrin qurulması prosesini sürətləndirəcəyi və imkanların böyük potensialının reallaşmasına töhfə verəcəyi bildirilir.

Məqalədə tədbirdə çıxış edən Peru XİN-in Avropa departamentinin rəhbərinin sözlərinə istinad edilərək, davamlı siyasi və diplomatik dialoq, artan ticari-iqtisadi mübadilə, həm ikitərəfli, həm də çoxtərəfli sahələrdə əməkdaşlıq sayəsində əldə olunan ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd olunur.

Yazıda, həmçinin tədbir zamanı qonaqlara nümayiş olunan Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş, Şuşanın tarixi, mədəni sərvətləri, memarlığı, təbiəti və orada keçirilən beynəlxalq tədbirlər barədə məlumatı özündə əks etdirən fotosərgi barədə məlumat verilir.

 

Arxiv üzrə axtarış