Azərbaycanın Müstəqillik Günü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi Mexikoda qeyd olunub
Meksikanın paytaxtı Mexiko şəhərində 28 May – Müstəqillik Günü və ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib. Tədbirdə Meksika Turizm nazinin müavini Umberto Ernandez Haddad, Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Marko Antonio Peres Qaribay, digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş çoxsaylı səfirlər, diplomatik korpusun digər nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvləri, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara, 104 il əvvəl Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışıb, müstəqilliyinin bərpa edilməsindən sonra qarşılaşdığı çətinliklər, qısa müddət ərzində regional liderə çevrilən ölkəmizin müstəqillik əldə etdikdən sonra əldə etdiyi nailiyyətlər, Azərbaycanın təşəbbüsü ilə dünya miqyaslı və dünyanın enerji və nəqliyyat xəritələrini dəyişmiş layihələr, dünyada mədəniyyətləarası dialoqa verdiyi önəmli töhfələr haqda məlumat verib.
Daha sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının şücaəti nəticəsində otuz ilə yaxın erməni işğalı altında olmuş ərazilərimizin azad edildiyi 44 günlük Vətən müharibəsinin yekunları, Azərbaycanın bu haqlı mübarizəsindəki tarixi qələbəsi, regionda münaqişədən sonrakı yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlər və bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin yaradılması üzrə ortaya qoyduğu səylər, eləcə də ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyətindən bəhs edilib, Azərbaycanın multikultural və mədəniyyətlərarası dialoqa önəmli töhfə vermiş bir ölkə kimi tanındığı qeyd olunub.
Səfir Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təmsilçimiz şəhərin tarixi və zəngin mədəniyyəti barədə məlumat verərək erməni vandalizminin qurbanı olmuş Şuşada aparılan bərpa işləri, burada keçirilmiş beynəlxalq festival və digər tədbirlər barədə danışıb.
Həmçinin Azərbaycan ilə Meksika arasında münasibətlərdən söz açan diplomat, bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu, bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyini, həm işğal dövründə, həm də işğaldan sonra Meksika tərəfinin Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəklədiyini diqqətə çatdırıb. Bu xüsusda Meksika Konqresi tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən Meksika Turizm nazirinin müavini Umberto Ernandez Haddad, nazir Migel Torruko Markesin Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajını çatdırıb. O, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycanın multikultural ölkə olduğunu, zəngin mədəni və tarixi irsə, habelə təbii sərvətlərə malik olduğunu qeyd edərək, son illərdə ölkəmizdə turizm infrastrukturunun inkişaf etdiyini, Azərbaycanın bir çox beynəlxalq tədbirlərə, o cümlədən Meksikalı pilot Çeko Peresin qalib olduğu Formula 1 yarışlarına ev sahibliyi etdiyini xüsusi vurğulayıb. Meksika ilə Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildirib.
Daha sonra tədbirdə çıxış edən meksikalı deputat, Meksika-Azərbaycan parlamentlərarası Dostluq qrupunun üzvü Marko Antonio Peres Qaribay Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərindən, eləcə də xalqlarımızı yaxınlaşdıran tarixi-siyasi və mədəni-mənəvi dəyərlərdən söz açıb. O, meksikalı məşhur Formula1 pilotu, oğlu Çeko Peresin Azərbaycanda keçirilən Formula 1 yarışlarında üç dəfə qalib kürsüsünə çıxdığını vurğulayıb, Azərbaycan xalqı tərəfindən göstərilən qonaqpərvərlik və səmimiyyətə görə ölkəmizə xüsusi rəğbət bəslədiyini qeyd edib.
Tədbirdə həmçinin, Mexiko Ştatı Simfonik Orkestrinin üzvləri olan həmvətənlərimizin ifasında məşhur Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirov və Q.Qarayevin əsərlərindən ibarət klassik musiqi əsərləri səsləndirilib.
Mərasimdə qonaqlara Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə həsr olunmuş fotosərgi nümayiş olunub, zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.