2019-01-19
20 Yanvar faciəsi Meksika və Peru mediasının diqqət mərkəzində

Meksika Dövlət Xəbərlər Agentliyi “Notimeks” və Perunun “El Peruano” rəsmi qəzeti 20 Yanvar faciəsi barədə məlumat yayıb. “Notimeks” Dövlət Xəbərlər Agentliyi “Azərbaycan, müstəqilliyi yolunda ən mühüm olan, Qara Yanvar gecəsini xatırlayır” adlı məqalədə ölkəmizin Meksikada Səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov ilə müsahibə, “El Peruano” qəzetində isə Azərbaycanlı diplomatın müəllifi olduğu məqalə dərc edilib. Məqalədə “Qanlı Yanvar” hadisələri totalitar rejimin Azərbaycan müstəqillik hərəkatının boğulması və kommunist rejimi hakimiyyətinin saxlanılmasına yönəlmiş son uğursuz addım adlanılır. SSRİ rəhbərliyinin Azərbaycan Respublikasına qarşı qərəzli və ədalətsiz siyasəti nəticəsində Azərbaycan xalqının suverenliyi və müstəqilliyi uğrunda mübarizəyə başladığı deyilir.

Bütün dünya ictimaiyyətini qəddarlığı ilə sarsıtmış 20 Yanvar hadisələri barədə məlumat verilir, SSRİ orusunun tank və digər zirehli texnika istifadə edərək günahsız Azərbaycan xalqına qarşı amansız təcavüzü nəticəsində yüzlərlə həmvətənlimizin qətlə yetirildiyi və yaralandığı deyilir.

Bu hadisələrin sovet rejiminin süqutuna gətirib çıxardığını və Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyinə nail olduğu bildirilir.

Bu hadisələrin Azərbaycan xalqının öz müstəqilliyi uğrunda mübarizəsində nümayiş etdirdiyi cəsarət və qətiyyəti nümayiş etdirdiyi vurğulanır.

29 il keçdikdən sonra “Qanlı Yanvar” gecəsi hadisələri Azərbaycan xalqı xatırəsində azadlıq və müstəqillik uğrunda mübarizə kimi əbədi olaraq qaldığı və hər il bütün Azərbaycanlıların qəhrəmanlarının xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət etdiyi deyilir.

Qeyd edək ki, “Notimeks” Dövlət Xəbərlər Agentliyi tərəfindən dərc olunmuş məlumat sonradan bir sıra digər Meksika KİV-ri tərəfindən də təkrarlanaraq çap edilmişdir.

növbəti xəbər əvvəlki xəbər